Türkiyə-Azərbaycan Universitetinin tələbələri AzTU İnkubasiya Mərkəzində "Startap Azərbaycan" platformasının tərəfdaşlığı ilə keçirilən “Startap Günləri” innovasiya tədbirində qaliblərdən olub.
İki gün davam edən tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU), Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələri iştirak edib. Tədbir innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində baş tutub.
"Startap Azərbaycan" platformasının rəhbəri Osman Gündüz açılış nitqi ilə çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu kimi tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev “Startap Günləri”nin gedişatı haqqında ətraflı məlumat verib. O, proses boyu tələbələrin təqdim etdiyi startap ideyalarını dinləyib və ideyalar üzrə keçirilən yarış mərhələsinə rəhbərlik edib.
İlk günün əsas hissəsi startap ideyaları üzrə yarışa həsr olunub. Tələbələr tərəfindən ümumilikdə 44 innovativ ideya təqdim olunub. Ekspert və tələbə səsverməsinin nəticələrinə əsasən, 8 ən perspektivli ideya seçilərək növbəti mərhələyə keçib.
Tədbirin ikinci günündə mentorlar Fərid Kazımov, Samir Həbibli, Rahid Ələkbərli, Rasim Abdullayev, Rəşad Əliyev, Əli Mustafayev və Türkanə Bağışova komandaların yanında olaraq onlara layihələrin formalaşdırılması, düzgün istiqamətin seçilməsi və təqdimat bacarıqlarının inkişafı ilə bağlı məsləhətlər veriblər. Komandalar prototipin hazırlanması, komanda işi, təqdimatın strukturu və münsiflər qarşısında çıxış zamanı diqqət edilməli əsas məqamlar barədə ətraflı məlumatlandırılıblar.
Komandalar hazırladıqları layihələri 4-5 dəqiqəlik təqdimatlar formasında münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Münsiflər heyəti layihələri innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticələrinə görə, TAU-nun kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisaslarının hazırlıq qrupu tələbələri Ömər Bəşirli, Ömər Səbzəliyev, Zərəngiz İsmayılova, Nihad Məmmədov, Murad Niftəliyev və AzTU-nun energetika mühəndisliyi və sistemlər mühəndisliyi ixtisaslarının tələbələri Arzu Aslanova, Məmməd İsmayıllının təmsil olunduğu “Nexo” komandası 3-cü yerə layiq görülüb. Tələbələrin birlikdə hazırladığı “NEXO” (əlaqələndirici deməkdir) adlı startap layihəsi internetsiz mesajlaşmanı nəzərdə tutan mobil tətbiqdir. Bu tətbiq əsasən təbii fəlakətdən əziyyət çəkən insanlar və böyük festivallar, konsertlər üçün nəzərdə tutulub. Mobil tətbiq Bluetooth Mesh şəbəkəsi və WiFi texnologiyalarını özündə birləşdirərək internetsiz mesajlaşmanı təmin edir.
Tədbirin sonunda qalib tələbələrə diplomlar, aktiv iştirak etmiş digər tələbələrə iştirakçı sertifikatları təqdim edilib.
“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını stimullaşdırmaqdır.
18 avq 2025
13 mar 2026
10 mar 2026
10 mar 2026