TAU tələbələri ODTÜ, İTÜ və Hacettepe Universitetində orientasiya proqramında!
Türkiyə-Azərbaycan Universitetinin (TAU) kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarının hazırlıq qrupunun tələbələri tədrisin ilk ilində Türkiyəyə orientasiya proqramı çərçivəsində səfər edirlər.
Orientasiya proqramının məqsədi tələbəni oxuduğu universitet və ixtisas proqramı ilə yaxından tanış etməkdir.
Dövlət hesabına Ankara və İstanbula təşkil olunan bir həftəlik səfər zamanı tələbələr oxuduqları universitetlərini əyani gəzərək yaxından tanış olur, təhsil aldıqları proqram barədə real təsəvvürləri formalaşır.
TAU-nun Kompüter mühəndisliyi proqramının tələbələri ODTÜ, Sənaye mühəndisliyi proqramının tələbələri İTÜ və Qida mühəndisliyi proqramının tələbələri Hacettepe Universitetinin kampuslarını ziyarət edir, universitet rektorları və professor-müəllim heyəti ilə üzbəüz görüşür və müxtəlif dərslərdə iştirak edirlər. TAU tələbələrinin universitet nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzləri, tələbə layihələri və müxtəlif ixtisas laboratoriyaları ilə tanışlığı da orientasiya proqramına daxildir.Səfər çərçivəsində
TAU tələbələrinin asudə vaxtlarını məzmunlu keçirməsi üçün ODTÜ, İTÜ və Hacettepe Universitetinin əməkdaşları tərəfindən müxtəlif muzeylərə, görməli və tarixi yerlərə ekskursiyası da təşkil olunur.