Qida təhlükəsizliyi
və keyfiyyətli ərzaq istehsalı bu gün dünyada ən vacib məsələlərdən biri hesab
olunur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlanması isə həm qida sənayesinin
inkişafı, həm də cəmiyyətin sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İki
qardaş ölkənin ortaq akademik layihəsi olan Türkiyə-Azərbaycan Universitetində
(TAU) də məhz bu məqsədlə qida mühəndisliyi ixtisasına xüsusi yer ayrılıb.
Universitetdə bu proqram Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan
Hacettepe Universitetinin təxminən 60 illik (1967) təcrübəsinə əsaslanan tədris proqramı əsasında həyata
keçirilir.
TAU-nun Qida
mühəndisliyi proqramı tələbələrə güclü akademik bilik, texniki bacarıqlar və tədqiqat
mədəniyyəti qazandırmağı hədəfləyir. Dörd illik təhsil müddətində fundamental
elmlər, mühəndislik və texnologiya fənləri ingilis dilində tədris olunur,
proqram isə bir illik ingilis dili hazırlığı mərhələsini də əhatə edir. Tədris
prosesi fizika, kimya, mikrobiologiya, alət analizi və qida texnologiyası kimi
sahələr üzrə yaradılmış müasir laboratoriyalarda aparılır.
Bəs qida mühəndisi
kimdir və onun fəaliyyəti nələri əhatə edir? Bu ixtisas niyə TAU-da prioritet
istiqamətlərdən biri kimi seçilib və Azərbaycanda qida mühəndislərinə ehtiyac
hansı səviyyədədir? Türkiyə-Azərbaycan Universitetinin Qida Mühəndisliyi
proqramının rəhbəri, Prof. Dr. Ümran Uyqun Musavat.com-un suallarına aydınlıq gətirib.
– Ümran xanım,
artıq iki ildir ki, TAU-da Azərbaycan üçün nisbətən yeni sayılan qida mühəndisliyi
ixtisası tədris olunur. Niyə məhz bu ixtisas prioritet olaraq seçilib?
– İstərdim ki, söhbətə
universitetin yaradıldığı ilk dövrdən başlayım. Qida mühəndisliyi ixtisası
kifayət qədər geniş və güclü infrastruktur tələb edən bir sahədir. Buna görə də
ilkin mərhələdə bu proqramın necə qurulacağı, hansı metodlarla təşkil ediləcəyi
ilə bağlı geniş müzakirələr aparırdıq. Lakin qısa müddət ərzində bu istiqamətdə
ciddi işlər gördük. İlk olaraq laboratoriyalar və auditoriyalar yaradıldı və
lazımi texniki baza formalaşdırıldı. Nəticədə 2024-cü ilin sentyabr ayında
artıq ilk tələbələrimizi qəbul etdik.
Birinci ildə Qida
mühəndisliyi ixtisası üzrə minimum qəbul balının 450 olması isə bir çoxlarını təəccübləndirdi.
Çünki Azərbaycanda bu ixtisas hələ geniş tanınmır və qida mühəndisinin kim
olduğu, hansı işlə məşğul olduğu barədə məlumat çox azdır. Əslində, Türkiyədə də
biz bu mərhələni təxminən 50 il
(1977) əvvəl yaşamışıq. O zaman da bu ixtisas yeni yarananda insanlar
sual edirdilər: qida mühəndisi kimdir – kimyaçı, bioloq, yoxsa dietoloq? Hətta
bəziləri onu bu sahələrin qarışığı kimi qəbul edirdi. Lakin illər keçdikcə və
Türkiyədə qida sənayesi sürətlə inkişaf etdikcə bu suallara da aydınlıq gəldi.
Bu gün qida ilə bağlı hər hansı problem və ya məsələ ortaya çıxanda ilk yada
düşən mütəxəssislərdən biri məhz qida mühəndisləridir.
- Qida mühəndisi
konkret hansı işi görür?
- Qida mühəndisliyi
sahəsində təhsil alan tələbələr digər mühəndislik ixtisaslarında olduğu kimi əsas
mühəndislik və texniki fənləri öyrənirlər. Məsələn, kimya mühəndislərinin
keçdiyi bir çox fundamental və texniki fənlər qida mühəndisliyi proqramında da
tədris olunur. Kimya mühəndisliyi ilə qida mühəndisliyi arasındakı əsas fərq isə
istifadə olunan xammaldadır. Kimya mühəndisi xammaldan boya, yuyucu vasitələr və
ya şampun kimi məhsullar hazırlayırsa, qida mühəndisi xammalı qida məhsuluna
çevirir.
Qida mühəndisliyində
xammal dedikdə alma, armud, zeytun, buğda və ümumilikdə qida kimi istifadə
olunan bütün təbii məhsullar nəzərdə tutulur. Bu xammalın xüsusiyyətlərini və tərkibini
yaxşı bilmək isə olduqca vacibdir. Çünki hər bir canlı məhsulun tərkibində müxtəlif
mikroorqanizmlər mövcuddur. Bu səbəbdən qida mühəndisi mikrobiologiya sahəsini
də yaxşı mənimsəməlidir.
Məsələn,
zeytundan yağ əldə edərkən və ya süddən pendir hazırlayarkən həmin məhsulun tərkibində
olan mikroorqanizmləri tanımaq və onların prosesə necə təsir etdiyini bilmək
lazımdır. Bu baxımdan qida mühəndisinin işi bir qədər daha mürəkkəbdir. Bir tərəfdən
mühəndis kimi məhsulun hansı texnoloji prosesdən keçəcəyini müəyyənləşdirməli,
digər tərəfdən isə qidanın tərkibində olan mikroorqanizmləri nəzarətdə
saxlamalı və zərərli olanları aradan qaldırmalıdır.
Bütün bunlar
sağlam və keyfiyyətli qida məhsulu əldə etmək üçün vacibdir. Eyni zamanda, qida
emalı zamanı məhsulun dadı, qoxusu və rəngi də qorunmalıdır. Buna görə də qida
mühəndisi qidanın kimyasını yaxşı bilməlidir – məsələn, məhsulun rənginin hansı
maddələrdən yarandığını və qoxusunu hansı molekulların formalaşdırdığını
anlamalıdır. Yəni qida mühəndisinin işi kifayət qədər məsuliyyətlidir: həm
xammala zərər verməmək, həm də onu düzgün texnoloji prosesdən keçirərək keyfiyyətli
və təhlükəsiz qida məhsulu əldə etmək lazımdır.
-Bu ixtisas
yaranana qədər işi indiyə qədər kimlər görürdü?
-Təxminən 50 il
əvvəl bu işlə əsasən kimyaçılar və bioloqlar məşğul olurdular. Lakin qida sənayesi
çox sürətlə inkişaf etdikcə bu sahədə xüsusi ixtisaslaşmış mütəxəssislərə
ehtiyac yarandı. Azərbaycan tərəfindən ilk dəfə belə bir proqramın yaradılması
təklif olunanda biz düşündük ki, görəsən bu proqramı niyə istəyirlər. Çünki bu
proqram olduqca bahalıdır. Onun həyata keçirilməsi üçün böyük və yaxşı təchiz
olunmuş laboratoriyalar lazımdır. Bizim tələbələr həftədə təxminən 20 saatını
laboratoriyada keçirirlər. Laboratoriya isə avadanlıq, cihaz və müxtəlif alətlər
deməkdir. Bütün bunlar isə çox böyük maliyyə tələb edir.
Bu səbəbdən əvvəlcə
düşündük ki, Azərbaycan tərəfi bu layihədən imtina edə bilər. Bildirdik ki, proqram üçün əhəmiyyətli həcmdə büdcə
lazımdır. Üstəlik, laboratoriya daim yenilənməli və bunun üçün mütəmadi
maliyyə ayrılmalıdır. Buna görə də güman edirdik ki, Azərbaycan tərəfi bu
fikirdən vaz keçə bilər. Lakin belə olmadı. Gördük ki, bu ixtisasın tədrisinə
çox maraq göstərir və israrlıdır. Nəticədə biz də proqramın həyata keçirilməsi
üçün buraya dəvət olunduq. Beləliklə, fizika, kimya, mikrobiologiya
laboratoriyaları quruldu və avadanlıqlarla təchiz olundu. Onu da qeyd edim ki,
tələbələrimiz ixtisas dərslərindən əvvəl bir il ingilis dili üzrə təhsil
alırlar. Çünki tədris ingilis dilində aparılır. Ancaq elə tələbəmiz olur ki,
onların dil bilgisi yaxşı olduğuna görə onlar vaxt itirmədən birbaşa birinci
kursa - ixtisas dərslərinə başlayırlar. Məsələn, bizim iki tələbəmiz qəbuldan
elə birinci kursa keçdi, çünki ingilis dili səviyyələri çox yüksək idi. Onlara ODTÜ-nün
peşəkar və təcrübəli müəllim heyəti dərs deyir. Bizim tədris Türkiyədəki
universitetin proqramı ilə tamamiilə eynidir. Elə müəllimlərimiz var ki, Azərbaycanda
yaşayır, eləsi də var ki, 15 gündən bir gəlib dərsini deyib yenidən Türkiyəyə
qayıdır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda paralel dərs deyirlər. Bizim
tələbələr Hacettepe Universitetinin diplomlarını alacaqlar. Buna görə də məsuliyyətimiz və fədakarlığımız daha çoxdur.
-Bəli, müəllimlər
üçün iki proqramı paralel tədris etmək asan deyil...
-Bizim müəllimlər sadəcə dərs keçmirlər, həm də
onların hər birinin araşdırma laboratoriyaları var, orada elmi araşdırmalar
aparırlar, doktorantlar çalışır. Bu qədər işin arasında onlar həm də 15 gündən
bir Azərbaycana gəlib dərs verirlər. Müəllimlərimiz bunu çox böyük həvəslə
edirlər. Müəllimlərimizin Azərbaycanda qalması üçün TAU-nu gələcəkdə araşdırma
universitetinə çevirməyi düşünürük. TAU-dakı təhsil Azərbaycandakı tələbələr
üçün bir nemətdir. Onlar Türkiyədəki tədrisi almaq üçün artıq oraya getmirlər,
öz ölkələrində heç bir vəsait xərcləmədən bu təhsili alırlar.
Qeyd edək ki,
2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir
universiteti” modelidir. Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində
əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Universitetin yaradılmasına dair Anlaşma
Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.
Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın
elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də
imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin
keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında müstəqil tələbə seçmək
hüququna malikdir və müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından
artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
https://president.az/az/articles/view/66905
Bu ali təhsil
müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir.
Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki
Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki
Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe
Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən
tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.
İki qardaş ölkənin
ortak akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU)
hazırda cəmi 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə
qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin
diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim
olunan hər iki diplom beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu
da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
Şahanə Rəhimli
Musavat.com
Source:
https://musavat.com/news/qida-muhendisi-kimdir-tau-da-yeni-nesil-mutexessisler-nece-yetisdirilir-musahibe_1252198.html?fbclid=IwY2xjawRG2dFleHRuA2FlbQIxMABicmlkETEyRFJTWkhkQ3VWWnhhdGlFc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrUZ5_AZeP2RTCkgLD1pjmv2-VTNE3KE5ROxJD_49efQJ1W-Obg8RW2clql8_aem_tlYopSegyVytHDPvQyLMYw