Türkiyə-Azərbaycan Universitetinin
yaradılmasının 1 ili tamam olur.
Bu gün Orta Doğu Texniki Universiteti,
İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki
Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan
Universitetinin (TAU) yaradılmasının 1 ili tamam olur. “Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil
Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair
Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Bu
münasibətlə Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet
Şimşir AZƏRTAC-a müsahibəsində TAU-nun məqsədi və tədris prosesi ilə bağlı
müsahibə verib.
Müsahibəni
təqdim edirik.
- Türkiyə-Azərbaycan Universitetini
Azərbaycan təhsil sistemində fərqləndirən xüsusiyyətlər hansılardır?
- Türkiyə-Azərbaycan
Universiteti digər sahələrdə olduğu kimi təhsil sahəsini də ən yüksək səviyyəyə
çatdırmaq məqsədilə hər iki ölkənin dövlət başçılarının ortaq konsensusundan
yaranmış universitetdir. Türkiyə-Azərbaycan Universiteti model olaraq digər
universitetlərdən çox fərqli bir quruluşa malikdir. Türkiyə-Azərbaycan
Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, bu ali
təhsil müəssisəsi Türkiyənin 3 (Orta Doğu Texniki Universiteti, İstanbul
Texniki Universiteti, Hacettepe Universiteti), Azərbaycanın bir (Azərbaycan
Texniki Universitetinin) universitetinin tərəfdaşlığı ilə qurulub. Bu mənada
biz mahiyyətcə ortaq universitetik. “Çətir universitet” Türkiyə
universitetlərində tədris olunan ixtisasların eynilə burada da tədris olunması
mənasına gəlir. Məsələn, Orta Doğu Texniki Universitetinin Kompüter
mühəndisliyi fakültəsinin proqramı eynən burada tətbiq olunur. İstanbul Texniki
Universiteti Sənaye mühəndisliyi fakültəsinin proqramı eyni qaydada sənaye
mühəndisliyi ixtisasında keçirilir. Hacettepe Universitetinin Qida mühəndisliyi
fakültəsinin dərsləri TAU-nun qida mühəndisliyi ixtisasında tələbələrə keçilir.
Burada Türkiyədən gələn müəllimlər dərs deyirlər. Orta Doğu Texniki
Universitetində Kompüter mühəndisliyi fakültəsinin müəllimləri Türkiyədə necə
dərs deyirlərsə, Azərbaycanda da eyni dərsi keçirlər. Eynilə İstanbul Texniki
Universitetinin Sənaye mühəndisliyi fakültəsinin müəllimləri buraya gəlib
mühazirələr oxuyurlar. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin
professorları da mühazirə oxumaq üçün buraya gəlirlər. Ona görə də bu baxımdan
Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir. Bizim
digər universitetlərdən fərqimiz budur. Yəni, biz Türkiyənin ən yaxşı
universitetlərini Azərbaycana gətiririk və onları Türkiyə-Azərbaycan
Universitetində birləşdiririk.
- TAU-da tədris prosesinin gedişi
barədə nə deyə bilərsiniz?
- Burada
tədris 100 faiz ingilis dilində aparılır. Qəbul etməliyik ki, tədrisin keyfiyyətinin yüksək olması üçün
dünyada qəbul edilən dil kimi təhsil ingilis dilində olmalıdır. Tələbələrimiz
Azərbaycanın Dövlət İmtahan Mərkəzinin imtahan qaydaları ilə qəbul olunurlar.
Daha sonra onlar ingilis dilində səviyyə imtahanı verirlər. Tələb olunan balı
toplayırlarsa, birinci kursdan tədrisə başlayırlar. Səviyyə imtahanında uğur
qazana bilməyən tələbələr ingilis dilindən hazırlıq dərslərinə davam edirlər.
Bu hazırlıq proqramı bir il davam edir. Payız semestrindən başlayır, yaz
semestrində bitir. Daha sonra ingilis dili biliyi imtahanında yoxlanılan və
həmin imtahandan uğurla keçən tələbələr birinci kursa davam edirlər. Hazırlıq
kursu istisna olmaqla, təhsilimiz dördillikdir. Hazırda kompüter mühəndisliyi
ixtisasında təhsil alan birinci kurs tələbələri var. Qida mühəndisliyi ixtisası
üzrə də birinci kursumuz var. Amma sənaye mühəndisliyi ixtisası üzrə birinci
kurs açılmadı. O ixtisasa qəbul olunan tələbələrimiz hazırlıq kursundadır.
- Türkiyə-Azərbaycan Universitetində
daha hansı ixtisasların açılması nəzərdə tutulur?
- Hazırda
mövcud olan kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi
ixtisaslarıdır. Bu ixtisaslar bizim Himayəçilər şurasının qərarlarına uyğun olaraq
açılır. Himayəçilər şurasına Azərbaycandan elm və təhsil naziri Emin Əmrullayev
rəhbərlik edir. Türkiyə tərəfdən isə YÖK sədri Erol Özvar rəhbərlik edir. Biz
Himayəçilər şurasına öz təkliflərimizi veririk. Onların qərarları müzakirələr
nəticəsində müəyyən olunur. Bu səbəbdən də Türkiyə-Azərbaycan Universitetində
daha hansı ixtisasların açılması haqqında danışmaq bir qədər tezdir.
- Noyabr ayında tələbələrin Türkiyəyə
səfəri təşkil olundu. Belə səfərlərin davamı olacaqmı?
- Bildiyiniz
kimi, noyabr ayında Azərbaycanda COP29 tədbiri keçirilib. Biz bunu, əslində, bir
fürsət kimi qiymətləndirdik. Çünki Azərbaycanda tədris onlayn formatda
aparılırdı. Dedik ki, tələbələrimizi Türkiyəyə aparaq, Hacettepe
Universitetini, Orta Doğu Texniki Universitetini, İstanbul Texniki
Universitetini ziyarət etsinlər. Oradakı müəllimlərlə də tanış olsunlar.
Tələbələr Türkiyədə təhsil alan gənclərlə tanış olub ünsiyyət qura bilsinlər.
Arzum odur ki, əgər şərait yaranarsa, bu universitetə qəbul olan tələbələrimizi
hər il Türkiyəyə aparaq.
- Türkiyə-Azərbaycan Universitetinin
qəbul prosedurlarında hansısa dəyişiklik olacaqmı?
Hazırda Türkiyə-Azərbaycan
Universitetinə qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən həyata
keçirilir. Ötən
il kompüter mühəndisləri üçün 500, sənaye və qida mühəndisləri üçün 450 bal
olaraq baza balları müəyyənləşdirdik. Lakin qəbul olan tələbələrimizin hamısı
çox yüksək bal topladılar. Kompüter mühəndisliyi üzrə keçid balı 641 olub. Bu
da bizim müəyyənləşdirdiyimiz baza balından - 500-dən xeyli yüksəkdir. Sənaye
mühəndisliyində keçid balı 544, qida mühəndisliyində isə 453 oldu. Görünən odur
ki, savadlı tələbələr bizi seçirlər. Universitetimizin təhsil sisteminə və bizə
güvənirlər. Bu, iki dövlətin qardaşlığından yaranmış Türkiyə-Azərbaycan
Universitetinin təhsil sisteminə onların güvəndiyini göstərir. Biz onlara layiq
olmağa çalışırıq. TAU gələcəkdə beynəlxalq universitet olacaq. Bu istiqamətdə
ardıcıl addımlar atılır.