2024-cü ildə fəaliyyətə
başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Universitetin
yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə imzalanıb.
Memorandumu
Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil
naziri Emin Əmrullayev imzalayıblar.
Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını
özündə birləşdirir. Burada Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter
mühəndisliyi ixtisası, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi
ixtisası, Hacettepe Universitetinin qida mühəndisliyi ixtisası tədris olunur.
TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir.
İki
qardaş ölkənin akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində
(TAU) hazırda 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə
qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin
diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim
olunacaq diplomlar beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da
məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
TAU-nun
rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev iki illik fəaliyyəti dəyərləndirib
və bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.
-Vilayət bəy, gəlin, söhbətimizə
ixtisas seçimindən başlayaq. Universitet yaradılarkən niyə məhz bu
3 ixtisas seçildi?
- Türkiyə-Azərbaycan
Universitetinin yaranması tarixi mahiyyət daşımaq və qardaşlığın növbəti rəmzi
olmaqla bərabər, təhsil və elm sahəsində ciddi uğurların əldə olunması üçün
yaradılıb. Burada 3 ixtisas üzrə məzun yetişdirilir və bu ixtisaslar Türkiyənin
ən prestijli universitetlərinin proqramları əsasında tədris olunur.
Hər
3 universitetin bütün xüsusiyyətləri araşdırıldı və Azərbaycan sənayesinin,
iqtisadiyyatının tələbat duyduğu ixtisaslar seçildi. Belə qərara gəlindi
ki, Orta Doğu Texniki Universitetində (ODTÜ) tədris olunan kompüter mühəndisliyi
ixtisasının proqramı Azərbaycanda da tətbiq edilsə, yeni bir trend
formalaşdırılmış olar. Çünki ODTÜ yeganə universitetdir ki, öz ixtisaslarında
klassik mahiyyəti saxlamaqla daima yenilənib. Bu universitetdə kompüter mühəndisliyi
ayrıca bir ixtisasdır və bakalavriat səviyyəsində tədris olunur. Bu, onu göstərir
ki, ixtisasın proqramı kifayət qədər peşəkar mütəxəssis tərəfindən hazırlanıb.
TAU-da kompüter mühəndisliyi ODTÜ-nün proqramı əsasında tədris olunur.
Daha
sonra sənaye mühəndisliyi dünyada ən vacib və sənayenin inkişafı üçün çox əhəmiyyətli
bir ixtisasdır. Bu, daha çox İT əsaslı və data üzərində qurulan bir sahədir.
İstanbul Texniki Universitetində (İTÜ) bu ixtisası data üzərində qurulub və iş
dünyasının tələblərinə cavab verir.
Üçüncü
aparıcı ixtisas qida mühəndisliyidir. Bu
isə Hacettepe Universitetinin tədris proqramına uyğun aparılır. Hacettepe
biotibbi texnologiyaların olduğu və qabaqcıl texnologiyaların tətbiq olunduğu
bir yerdir. Burada qida mühəndisliyi ixtisası çox güclü proqrama və müasir
laboratoriya sisteminə əsasən tədris olunur. Azərbaycanda isə qida mühəndislərinə
çox böyük ehtiyac var. Bu baxımdan qida üzrə ixtisasların qurulması çox əhəmiyyətlidir.
Hazırda universitetimizdə ixtisasa uyğun yeni laboratoriyalar yaradılıb, bu,
işin 15-20 faizi deməkdir və davamlı işlər görüləcək.
-TAU-da tələbələr ixtisas dərslərindən
öncə bir il Hazırlıq qrupları üzrə təməl ingiliscə dərsləri (Foundation) keçirlər.
Tələbələr bu periodu necə keçirlər, onların çətinliyi olurmu?
- İlk olaraq, ODTÜ-nün ingilis dili mütəxəssisləri tərəfindən tələbələrin qiymətləndirilməsi
aparılır və onların dil bilikləri yoxlanılır ki, hazır vəziyyətdə olanlar 1 il
vaxt itirməsin.
Hazırda
TAU-da 174 tələbədən 80-i hazırlıq mərhələsindədir. Onların hazırlıq balları
70-in üzərindədir. Bu, çox böyük göstəricidir. Çünki ODTÜ-nün hazırlığı kifayət
qədər ciddidir. Bir məsələni də qeyd edim ki, burada oxuyan tələbələrin müvəffəqiyyət
göstəriciləri Türkiyədəki anoloji universitetdə təhsil alan tələbələrdən yüksəkdir.
Çünki biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik.
Ümumilikdə,
birinci kursda olan tələbələrimizin sayı 86, ikinci kursda oxuyan tələbələrin
sayı 8 nəfərdir. Bəzi tələbələrimiz uğurlu göstəricilərlə dil hazırlığı keçmədən
birinci kursa birbaşa daxil olub.
- Hazırda 174 tələbəniz var.
Universitetə tələbə qəbulunda yerlərin artırılması gözlənilirmi? Ümumiyyətlə,
abituriyentlərin TAU-da təhsilə marağı necədir?
- Kompüter mühəndisliyi ixtisası üzrə əvvəlki
plan yerimiz 30 nəfər idi. 2025/2026-cı tədris ili üzrə daha 30 nəfərlik plan
yeri artırıldı. Beləliklə, qəbul sayı 60 oldu. Digər ixtisaslar üzrə isə hələ də
30 yerdir. Gələcəkdə kompüter mühəndisliyi üzrə magistr və növbəti ildə daha
yüksək göstəricilər gözləyirik. Digər ixtisaslarımız üzrə də ballar Azərbaycanda
mövcud keçid balından daha yüksəkdir. Buradakı tələbələr çox qabiliyyətlidirlər.
Bizim 4 nəfər tələbəmiz artıq universitetdə çalışır. Bundan sonra da ən
çalışqan tələbələri gələcəkdə işlə təmin edəcəyik. Tələbələrimiz yarışlara
qatılırlar və Texnofest-ə hazırlaşırlar.
-Universitet gələcəkdə magistr təhsili
verə bilərmi?
Yaxın
vaxtlarda magistratura səviyyəsi üzrə tədrisin təşkili planlaşdırılır.
Doktorantura səviyyəsi üzrə plan yerlərinin açılması üçün isə layihə təklifi
hazırlanıb və təqdim olunub.
- Universitetdə dərs deyən müəllimlər
arasında azərbaycanlılar varmı?
- Azərbaycandan
olan iki ingilis dili müəllimi işə götürülüb. Tədricən baza fənləri üzrə də azərbaycanlı
müəllimlər tədrisə cəlb olunacaqlar. Burada Türkiyədən gələn müəllimlərlə
yanaşı, Pakistandan olan müəllimlər də var.
Şahanə Rəhimli
Musavat.com